Ev Həyat tərzi Almaniyada kim nə qədər qazanır ? – SİYAHI

Almaniyada kim nə qədər qazanır ? – SİYAHI

122
0
PAY

 AzEuroNews.com ➤  Almaniya Avropada işçiyə ən yüksək əmək haqqı təklif edən ölkələrin arasında ön sıralarda gəlir. AzEuroNews.com xəbər verir ki, Alman hökuməti işçilərə 2019-cu ilin yanvarından minimum əmək haqqının bir saatlıq normasını 9,19 avro olaraq müəyyən edib. İşəgötürənlər 2020-ci il tarixindən işçilərin hər saatı üçün 9, 35 avro ödəməlidirlər.

Bəs Almaniyada hansı peşə sahibləri nə qədər qazanır?

Almaniyada həftəlik nəşr edilən “Bild am Sonntag” qəzeti ötən sayında bununla bağlı maraqlı bir reportaj hazırlayıb. Qəzet müxtəlif peşə sahiblərini danışdıraraq onların aylıq qazanclarını öyrənib, eyni zamanda Almaniyada ən az və ən çox maaş alanların statistikasını verib.

AzEuroNews.com olaraq həmin reportajın mühüm hissələrini sizlərə təqdim edirik:

28 yaşlı Vanessa Hawlitschek Frankfurtda polis olaraq çalışır. O, 3 il polis akademisyasında təhsil alıb. V.Hawlitschek artıq 5 ildir ki, polis olaraq çalışır. O, həftədə 41 saat xidmətdə olur. Aylıq vergi daxil maaşı isə, 2875 avrodur. Çətin və riskli işinin olduğunu deyən xanım Hawlitschek aylıq məvacibindən hələlik razı olduğunu deyir.

Paytaxt Berlində bir şirniyyatçıda tort aşbazı olaraq çalışan 32 yaşlı Madeleine Pekdemir həftədə 40 saat çalışır. O, hər saat üçün 10,30 avro, ayda isə, vergi daxil 1800 avro qazanır. İşə başlamamışdan əvvəl xanım Pekdemir Berlində bu sahə üzrə 3 il “Ausbildunq” (ixtisasartırma və ya peşə vərdişlərinə yiyələnmək) edib.

Həm işi, həm müdiri, həm də iş yoldaşlarından məmnun olan xanım Pekdemiri bu maaş qane edir.

Reqensburqda bir restoranda aşbaz işləyən 39 yaşlı Aleksandr Müllerin bir saat üçün əmək haqqısı 15,20 avrodur. O, bu sahə üzrə 3 il “Ausbildunq” edib. 19 yaşından bu sahədə çalışdığını deyən cənab Müllerin sözlərinə görə, həftədə 40 saat çalışmaqla ayda vergi daxil 2650 avro qazanır. Hazırda qazancından məmnun olduğunu deyən Aleksandr işinin tək mənfi cəhətinin bəzən həftəsonları da işləmək olduğunu deyir.

Poçtda paket çatdırılması işinə baxan 53 yaşlı Joachim Grundwald paytaxt Berlində yaşayır və 23 yaşından bu işlə məşğul olur. İki il bu iş üçün “Ausbildunq” etdiyi deyən Joachimin sözlərinə görə, həftədə 40 saat çalışır. O, hər saatına 19,80 avro qazanır. Aylıq qazancı isə, vergi daxil 3450 avro təşkil edir.

Beynəlxalq daşımaçılıqla məşğul olan DHL şirkətindən razı olduğunu deyən Joachimə görə, işi əyləncəli, maaşı isə yaxşıdır.

Berlindən olan 55 yaşlı tərbiyəçi Verena Mladjovic bu işə görə, 3 il “Ausbildunq” edib. 35 yaşından tərbiyəçi kimi bu işlə məşğul olan xanım Mladjovic həftədə 45 saat çalışır. O, hər saat üçün 11,50 avro alır. İşindən razı qaldığını və uşaqlarla işləməyin çox əyləncəli olduğunu deyən xanım Mladjovic ayda 2250 avro qazandığını deyir.

Berlindən olan 62 yaşlı yük maşını sürücüsü Joachim Marquardt həftədə 50 saat çalışır. O, hər çalışdığı saata görə, 14,50 avro alır. Yalnız Almaniya daxilində yük aparıb-gətirdiyini deyən Joachimin sözlərinə görə, aylıq qazancı vergi daxil 3150 avro təşkil edir. O, işindən və çalışdığı şirkətdən də məmnundur.

Feldşer olaraq çalışan 27 yaşlı Philipp Röhner Münhendə yaşayır. O, bu iş üçün 3 il  “Ausbildunq” edib. Artıq 6 ildir bu işdə çalışdığını deyən cənab Röhnerin sözlərinə görə, həftədə 38,5 saat çalışır və bunun qarşılığında hər saat üçün 19,10 avro alır. Onun aylıq maaşı isə, vergi daxil 3200 avrodur.

Qəzetin yazdığına görə, hazırda Almaniyada ən çox maaş alanlar orta məktəblərdə çalışan  informatika müəllimləridir. Onlara bir saat üçün 33,59 avro ödənilir. Həftədə 38 saat çalışan informatika müəllimlərinin aylıq maaşı isə, vergi daxil 5528 avrodur.

Ən az maaşı isə, qadın və kişi bərbərləri alır. Onlar həftədə 38 saat çalışırlar və hər saat üçün onlara 9,19 avro ödənilir. Aylıq qazancları isə, vergi daxil 1559 avro təşkil edir.

Ümumiyyətlə Almaniyada hazırda 4,2 milyon şəxs aşağı gəlirli sahələrdə çalışır.

Fotolar © “Bild am Sonntag” qəzetinin kağız versiyasından götürülüb.

ŞƏRH YAZIN

Xahiş edirik şərh daxil edin.
Please enter your name here