Ev E-Qanun Almaniya vətəndaşlığını necə almaq olar ? – Arayış

Almaniya vətəndaşlığını necə almaq olar ? – Arayış

536
0
PAY

Almaniyada yaşayan soydaşlarımız son vaxtlar Almaniyada vətəndaşlıq əldə etmənin üstün cəhətləri və Almaniya vətəndaşlığının əldə olunması qaydaları haqqında “Leqat” inteqrasiya mərkəzinə çoxlu suallar ünvanlayıblar. Sözügedən mərkəzdən AzEuroNews.com-a verilən məlumata görə, həmin suallar əsasında bu mövzuda arayış hazırlanıb. Həmin arayışı təqdim edirik:

Almaniyada vətəndaşlar əcnəbilərlə müqayisədə bir sıra üstün hüquqlara malikdir.

– Vətəndaşlığı əldə etməklə Aİ üzv olan ölkələrin hər birində yaşamaq və işləmək hüququ əldə edirsiniz. Məsələn Almaniya vətəndaşlığı əldə etmiş bir həmyerlimiz Danimarkada çox yüksək məbləğdə əmək haqqı olan iş tapıb və hazırda orada işləyir və yaşayır. Lakin immiqrant statusu ilə yaşayanlara bunu əldə etmək çətindir.

– Yalnız Almaniya vətəndaşları üçün müəyyən edilmiş vəzifələri (hərbi dövlət xidmətində çalışmaq, xidmət, bəzi sahələrdə çalışmalı olan həkimlər, hüquqşünaslar) tutmaq şansını əldə edir.

– Siyasi fəaliyyətlə məşğul olmaq hüququnu əldə etmək, seçilmək və seçmək hüququnu əldə etmək.

– Əcnəbilərə nəzarəti həyata keçirən dövlət orqanlarının nəzarətindən xilas olursunuz. Çünki bildiyiniz kimi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müəyyən müddət Almaniyanın hüdudlarından kənarda yaşadıqda onun statusu ləğv oluna bilir. Vətəndaşlığı əldə etməklə bu təhlükədən də xilas olursunuz.

– Vizasız getməli olduğunuz və ya daha asan viza alacağınız ölkələrin sayı dəfələrlə artacaq.

– Siz eyni zamanda daha nüfuzlu bir ölkənin himayəsini qazanırsınız və istənilən ölkədə sizinlə bağlı baş verən narahatçılığa zamanı dərhal əsaslı müdafiənin şahidi olacaqsınız.

► Almaniya vətəndaşlığının əldə olunması qaydaları

Almaniya Federativ Respublikasının vətəndaşlığı haqqında Qanuna əsasən (§ 10 StaG) Almaniya vətəndaşlığını əldə etmək üçün aşağıdakı şərtlər mövcuddur:

1) AFR-də 8 il qanuni əsaslarla yaşamaq ( işləyənlər üçün 6 il ),

2) Ciddi qanun pozuntusuna yol verməmək,

3) Vətəndaşlıq üçün tələb olunan testin verilməsi,

4) Alman dilini B1 səviyyədə bilməsini təsdiq edən sənəd,

5) Sosial ödənişlərdən asılı olmamaq,

6) Əvvəl mənsub olduğu dövlətin vətəndaşlığndan çıxmaq haqda sənəd,

7) Müvafiq sənədləşmənin aparılması üçün 255 Avro məbləğində ödəniş.

Daha dolğun anlaşılması üçün bu səbəblərin hər birinin üzərində dayanmaq istəyirik:

  1. Ərizəçinin əri ( və arvadı) və ya yetkinlik yaşına çatmayan uşaqları ölkədə 8 ildən az yaşamış olsa da ərizəçi birlikdə vətəndaşlıq əldə edə bilər. Bu hal o zaman mümkündür ki, ər (arvad) vətəndaşlıq üçün ərizə verdiyi zaman iki ildən artıq müddətdə nikahda olmuş olsun və 3 ildən artıq müddətdə Almaniyada yaşamış olsun.
  2. Ciddi qanun pozuntusu dedikdə şəxsin cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi nəzərdə tutulur.
  3. Vətəndaşlıq əldə edilməsi üçün test verilməsi qaydası haqda əvvəllər də geniş yazmışdıq. İmtahanda sizə 33 sual veriləcək. Həmin suallardan 30-u vətəndaşlıq haqda, 3 sual isə azad demokratik cəmiyyət, tarix və mədəniyyət, insan və cəmiyyət mövzularında olacaq. 17 suala düzgün cavab verdiyiniz halda testdən keçmiş sayılacaqsınız və bununla bağlı sizə xüsusi sertifikat veriləcək. Test bir saat davam edəcək. Test üçün 25 Avro ödəniş etməlisiz. Almaniyada təhsil alan və bunu müvafiq diplom və ya şəhadətnamələri təqdim edən şəxslərə, imtahan vermək imkanı olmayan xəstələrə bu qayda şamil olunmur. İmtahan vermək vətəndaşlığa qəbul üçün əsas hesab olunmur.
  4. Alman dilini B1 səviyyəsində bilgini sübut edən diplomun, şəhadətnamənin və ya sertifikatının təqdim olunması.
  5. Sosial ödənişlərdən asılı olmalı deyilsiniz. Vətəndaşlığa qəbul olunmaq istəyən şəxs işləməli və dövlətin sosial ödənişləri, yardımları hesabına yaşayan şəxs olmalı deyil.
  6. Əvvəlki vətəndaşlıqdan imtina etmək. Müraciətlərin sayına görə bu Almaniya vətəndaşlığını almaq üçün əsas əngəllərdən biri hesab olunur. Əvvəlki vətəndaşlığın saxlaması insanları bir sıra çətinliklərdən azad edir. Vizasız gedilən ölkələrin sayı çox olur, insanlar notariat müqavilələrin bağlanmasında, mülkiyyət hüquqlarına münasibətdə, nəqliyyat vasitələrinə sahib olmaqda, sahibkarlıq fəaliyyətində çoxlu güzəştləri saxlamış olur . 2007-ci ilə kimi əvvəlki vətəndaşlığın saxlanılması ilə bağlı ciddi problemlər yaradılmırdı və bundan istifadə edənlərin sayı kifayət qədər çox idi. Lakin, 2007- ci ildə qanuna edilən dəyişiklikdən (§12 StaG.ş § 12 VAH BMİ) sonra insanların bu arzularını gerçəkləşdirməsi sahəsində ciddi problemlər yaranmağa başladı. Əvvəlki vətəndaşlıqdan imtina etmədən vətəndaşlığa qəbul halları da mövcuddur, lakin həmin halları mütləq sübut etməlisiniz.

Ümumiyyətlə əvvəlki vətəndaşlığın saxlanılması üçün aşağıdakı əsaslardan faydalana bilərsiniz:

  1. Vətəndaşlıqdan çıxmaq üçün 1 278, 23 (bir min iki yüz yetmiş səkkiz Avro 23 sent) Avrodan çox xərcinizin çıxacağını sübut edə biləcəksinizsə (§ 12.1.2.3.2.1),
  2. Vətəndaşlığından çıxmaq istədiyiniz ölkə iki ildən artıq müddətdə şəxsin vətəndaşlıqdan çıxması haqqında ərizələrini qəbul etmir, ərizələrə baxmır və yaxın 6 ayda vəziyyətin dəyişəcəyi gözlənilmir ( §12.1.2.3 .3).

–  əvvəl mənsub olduğunuz dövlətin vətəndaşlığından çıxacağınız halda ( şəxsi) əmlak vəziyyətinizə külli miqdarda ziyan dəyməsini sübüt etməlisiniz və bu məbləğ 10 225, 84 Avro məbləğindən aşağı olmalı deyil, eyni zamanda pensiya təminatinizda problemin yaradılacağı da əsas hesab olunur (§12.1.2.5)

  1. 60 yaşı tamam olmuş şəxslər üçün ayrıca güzəştlər nəzərdə tutulub. Belə şəxslər öz ölkələrinin səfirliyinə və ya konsulluğuna səhhətinə görə getmək imkanına malik olmadığını, əvvəl vətəndaşı oldugu ölkədə yaxınlarından kiminsə qalmadığını, səhhətinin bu işlərin icrasına imkan vermədiyini, yaxin ailə üzvlərinin 15 ildən artıq müddətdə Almaniyada yaşadığını sübüt etməlidirlər (§12.1.2.4).
  2. Əgər Azərbaycan Respublikasında pensiya alan şəxs vətəndaşlıqdan çıxan zaman pensiyadan məhrum olunursa və bunu müvafiq sənədlərlə sübut edə bilirsə, bu halda da o Azərbaycan vətəndaşlığından çıxmadan Almaniya vətəndaşlığına qəbul oluna bilər.

► Doğulmaqla ikili vətəndaşlığın əldə edilməsi….

Doğulmaqla vətəndaşlıq əldə etmənin Almaniyada iki qaydası var. Biri uşağın valideyninin vətəndaşlığı ilə müəyyən edilən qaydadır. Valideyni Alman vətəndaşı olan uşaq avtomatik Alman vətəndaşı hesab olunur. İkincisi isə, uşağın doğulduğu yerə və ya əraziyə görə vətəndaşlığın müəyyən olunmasıdır. Yəni Almaniyada doğulan uşağın Almaniya vətəndaşı kimi tanınmasıdır.

2014-cü ilə kimi Almaniyada doğulan bütün uşaqlar avtomatik olaraq həm valideynlərinin vətəndaşlığını, həm də Alman vətəndaşlığını əldə edirdilər. Lakin, 21 yaşları olan zaman onlar bu vətəndaşlıqdan birindən imtina etməli idilər. 2014-cü ilin dekabr ayında Bundestaq yeni qanun (Zweites Gesitz zur Änderug des StaG) qəbul etdi və bu vəziyyətdə düzəliş etdi. Bu dəyişikliyə görə aşağıdakı əsaslardan biri olduğu halda 21 yaşı tamam olandan sonra da ikili vətəndaşlığı saxlamaq mümkündür:

  • 21 yaşı tamam olana kimi Almaniyada 8 ildən çox yaşamaq,
  • Almaniyada məktəb bitirməsini təsdiq edən sənədin təqdim olunması,
  • Almaniyada peşə təhsili almasını sübut edən sənədin təqdim olunması,

Əgər siz bu qanun qüvvəyə minənə kimi ikinci vətəndaşlıq üçün müraciət edib və rədd cavabı alımısınızsa, yenidən müraciət edin və həm də Almaniya vətəndaşlığını əldə edin.

Əvvəlki vətəndaşlığın saxlanılması üçün yuxarıda göstərdiyimiz halları sübut etməlisiniz. Bunun üçün siz göstərilən sənədləri Alman dilinə tərcümə etdirməklə Apostel etdirməli, vətəndaşlıq almaq üçün tələb olunan sənədlərə əlavə olunmaqla müvafiq orqana təqdim etməlisiniz

ŞƏRH YAZIN

Xahiş edirik şərh daxil edin.
Please enter your name here