Ev E-Qanun Almaniyada təhsil və iş təcrübəsi qazanmaq imkanı verən “Ausbildung” nədir?

Almaniyada təhsil və iş təcrübəsi qazanmaq imkanı verən “Ausbildung” nədir?

527
0
PAY

Almaniyaya yeni gələn həmvətənlərimizi, eləcə də Almaniyaya gələrək işləmək, oxumaq arzusunda olanları ən çox maraqlandıran mövzulardan biri „Ausbildunq“, „Duales Studium” və digər təhsil və iş təcrübəsini özündə birləşdirən proqramlardır.

LEGAT - Consultation agency/  Karlstrasse 31 Düsseldorf, Germany
LEGAT – Consultation agency/  Karlstrasse 31 Düsseldorf, Germany

Avropost.com AzEuroNews.com-a istinadən xəbər verir ki, Almaniyada fəaliyyət göstərən “Legat” inteqrasiya mərkəzi  bunu nəzərə alaraq, hər birinin təyinatı, müraciət qaydası və ixtisaslarla bağlı geniş bir araşdırma hazırlayıb.  Araşdırmanın həmvətənlərimiz üçün faydalı ola biləcəyini düşünərək onu sizə təqdim edirik:

► “Ausbildung” nədir?

“Ausbildunq” – ixtisasartırma və ya peşə vərdişlərinə yiyələnməkdir. Burada təkcə nəzəri bilikləri artırmaq deyil, həmçinin paralel olaraq oxuduğun ixtisasa uyğun işləmək və təcrübə toplamaq nəzərdə tutulur.

Almaniyada hər il 600.000 nəfər seçdiyi 340 ixtisas üzrə işləməklə yanaşı təhsilini də davam etdirir.

Hesab edirik ki, Almaniyada olan və ya Almaniyaya gəlmək istəyən soydaşlarımız bu qaydadan maksimum faydalanmağa çalışmalıdırlar.

Avropa İttifaqı vətəndaşları Almaniyada istənilən ixtisas üzrə təhsil ala bilərlər. Lakin üçüncü ölkə vətəndaşları oxumaq üçün xüsusi viza və icazə almalıdırlar. Əgər Azərbaycan Respublikasında yaşayan şəxs Almaniyada oxumaq istəsə, bu halda o, işə götürən təşkilatla müqavilə bağladıqdan sonra sənədlərini Almaniyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinə təqdim etməlidir. Səfirlik həmin sənədləri şəxsin həmin müəssisənin yerləşdiyi ərazinin „Əcnəbilərlə iş idarəsi“nə (Ausländerbehörde) göndərməlidir. Əgər həmin yerə Almaniya vətəndaşının, Almaniyada daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin iddiası olmazsa, bu halda Sizin ərizəniz keçərli olacaq və Sizin Almaniyaya gəlməyinizə razılıq veriləcək.

„Ausbildunq“ üçün əsas sənəd müqavilə hesab olunur. Müqavilə (Berufsausbildungsvertrag) təhsil alan şəxslə (Auszubildender) müəssisə və ya təşkilat (Betrieb) arasında bağlanmalıdır.

„Ausbildunq“ etmək üçün əsas proqramlar bir qayda olaraq avqust ayının və ya sentyabr ayının 1-dən başlayır. Seçim prosesinə kifayət qədər vaxt tələb olunduğuna görə müəssisələr bəzi hallarda bir il əvvəldən elanlar verməyə və ya axtarışlar aparmağa başlayırlar. Odur ki, Siz Ausbildunqla bağlı elanları istənilən zaman axtara və ya tapa bilərsiniz. Bu sahədə ixtisaslaşan və əcnəbilərə yardım edən hüquqi və ya fiziki şəxslər də mövcuddur. Onlar da Sizin üçün vasitəçilik edə bilərlər.

Ausbildunqun müddəti 2-4 il olaraq qəbul edilir. Təhsil müddətində ixtisasınıza uyğun aralıq və yekun imtahanlara cəlb olunacaqsınız. Bu imtahanlar Sizin kurs materiallarını hansı səviyyədə mənimsədiyinizin göstəricisidir. Yekun imtahanı oxuduğunuz məktəb və işlədiyiniz müəssisəyə tabeçiliyi olmayan şəxslər tərəfindən təşkil olunacaq. İlk dəfə imtahan verə bilməyən şəxslərdən imtahan təkrar götürülür. 3-cü dəfə də imtahan verə bilməyən şəxslər başqa ixtisas üzrə imtahan verə bilər.

Təhsil müddətində müəsisə tərəfindən təqaüd (Ausbildungsvergütung) ödənilir. Təqaüdün məbləği müəssisələr və ixtisaslardan asılı olaraq 300€-1200€ arasında olur. „Ausbildungsbetrieb“, yəni işə götürən təşkilat və ya müassisə yemək və geyimlə (xidməti geyim istisna olmaqla) və ya yaşayış yeri ilə təmin etmir. Buna baxmayaraq, bəzi müəssisələrdə müəyyən güzəştlər mövcuddur.

Təhsil müddətində sosial sığorta rəsmləşdirilir. Sığorta xərcləri bərabər ödənilir. Əgər təqaüd 325 evro təşkil edirsə, bu halda sığorta tam həcmdə müəssisə tərəfindən ödənilir. Sosial sığortaya tibbi sığorta (Kranken- und Pflegeversicherung), bədbəxt hadisələrdən sığorta (Unfallversicherung), pensiya sığortası (Rentenversicherung), işsizlik sığortası (Arbeitslosenversicherung) aiddir.

duales-studium_triale-ausbildung

► „Duales Studium“ nədir?

„Duales Studium“ – ali təhsillə təcrübəni birləşdirən təhsil növüdür. Tələbələr universitetdə və ya texniki məktəblərdə nəzəri biliklərə yiyələnməklə yanaşı, müəsisədə işləyir və paralel olaraq peşə vərdişlərinə yiyələnirlər.

Həmin müddətdə müəsisə həmin şəxsə müəyyən məbləğdə (300-1.500 avro) ödəniş edir. Bu qaydada oxumaq Almaniyada getdikcə populyarlaşır. Hər il ortalama 100 min nəfər „Duales Studium“-dan faydalanır.

► „Schulische Ausbildung“ nədir?

„Ausbildunq“un geniş yayılmış forması kimi texniki peşə məktəbləri (Berufsschule), ixtisaslaşmış kolleclər (Berufskolleg) və ya ixtisaslaşmış Akademiyaları (Fachakademie) nümunə göstərmək olar. Bir qayda olaraq belə formada oxuyanlara ödəniş edilmir, çünki bu orta baza təhsili hesab edilir. Hətta bəzi xüsusi məktəblər ödənişi əsaslarla fəaliyyət göstərir.

► Populyar peşələr hansılardır?

„http://www.ausbildung.de“ saytının məlumatına görə, 2015- 2016-ci illərdə ən populyar peşə – ticarət sahəsində satıcılar və bu sahədə fəaliyyət göstərən iş icraçılarıdır. Populyarlığına görə növbəti peşə sahibləri sənaye sahəsi üzrə xidmətçilər (Industriekaufmann/frau), xaricə və topdan satış üzrə mütəxəssislər (Kaufmann im Groß- und Außenhandel) və bank mütəxəssisləri (Bankkaufmann/frau) hesab olunur. İlk onluğa texniki ixtisaslar da daxildir: sənaye mexanikləri (Industriemechaniker), avtomobil sənayesində mütəxəssislər (KFZ-Mechatroniker) və s. Qadınlar arasında ən populyar ixtisaslar isə tibb bacısı (Medizinische Fachangestellte) və diş texnikləri (Zahnmedizinische Fachangestellte) hesab olunur.

Hamburq, Kil, Bremen, Flensburq və Bremerhafen şəhərlərində gəmiçilik sahəsində təhsil almaq imkanları daha çoxdur; məsələn, gəmiqayırma (Bootsbauer), gəmi təmiri sahəsindəki ixtisaslar (Schiffsmechaniker) və bortlu gəmilərin idarə olunması (Hafenschiffer) ixtisasları və s.

► Hansı sahələrdə işçi çatışmazlığı var?

Almaniyada daha çox mütəxəssis tələb olunduğu sahələrdən biri optika sahəsidir. Bu sahədə işçilərə çox ciddi ehtiyac mövcuddur. Optik dükanların sayının davamlı artmasına baxmayaraq, bu sahədə işləmək üçün ərizə verənlərin sayı azdır. Azərbaycanda bu sahədə təcrübəsi olan və hazırda Almaniyada qaçqın statusu üçün ərizə verən şəxslər bu sahədə Ausbildung etməklə müvəqqəti yaşamaq icazəsi almaq almaq imkanı əldə edə bilərlər.

İşçi çatışmazlığının olduğu ikinci sahə maşınqayırma və avtomobil sahəsində mexannik, mühəndislər, xüsusilə alternativ enerji alınması sahəsində işləyəcək mühəndislərdir. Qeyd edək ki, mühəndislər ən çox əmək haqqı alan qrupa aiddirlər.

Üçüncü ehtiyac duyulan sahə loqistika ilə bağlıdır. Həddən artıq maraqlı sahə olmasına baxmayaraq, hələ də bu sahəyə kifayət qədər maraq hiss olunmur. Onların fəaliyyətinə istehsal olunmuş malın ixracı ilə bağlı müqavilələrin bağlanması, göndərilməsi və s. daxildir.

Hazırda uşaqların gündəlik baxım və tərbiyəsi ilə məşğul olan „gündəlik ana/atalar“, müəllimlər, İKT mütəxəsisləri, yaşlılara baxmaq üçün sosial çilərə də ciddi ehtiyac hiss olunur.

Ausbildung

Ausbildunq” müddətində daha yüksək təqaüd aşağıdakı ixtisaslar üzrə ödənilir:

Tikinti sahəsində istifadə olunan maşınlarda operator (Baugeräteführer/in) ilk təhsil ilində 610avro, ikinci və üçüncü illərdə isə 1340 avroya kimi təqaüd alır. Beton və betontökmə (Beton- und Stahlbetonbauer/in) ixtisasları üzrə təqaüd 580 avrodan başlayır, ikinci və üçüncü illərdə 1400avroya kimi artırılır. Üzləmə və döşəmə sahəsində (Fleisenleger/in) ixtisas almaq istəyənlərə 1340 avroya kimi təqaüd ödənilir. Xəstələrə baxmaq sahəsində (Gesundheits- und Altenpfleger) ixtisas almaq istəyənlərə, elektriklərə (Elektroniker/in) ödənilən təqaüdün məbləği 1060 avrodan yüksəkdir.

Bu yazı və ya araşdırma sadəcə bələdçi rolunu oynayır. Siz Almaniyada populyar olan ixtisaslar üzrə „www.ausbildung.de“ saytından daha detallı məlumatlar əldə edə bilər və daha düzgün seçim edə bilərsiniz.

ŞƏRH YAZIN

Xahiş edirik şərh daxil edin.
Please enter your name here