Ev Manşet “”Saxta mühacir, “əsl mühacir” davası təkcə azərbaycanlılar arasında mövcuddur”- Müsahibə

“”Saxta mühacir, “əsl mühacir” davası təkcə azərbaycanlılar arasında mövcuddur”- Müsahibə

443
0
PAY

Əlövsət Əliyev: “İnsanların əksəriyyəti hesab edirlər ki,  qaçqın statusu yalnız siyasi partiya təmsilçilərinə və ya siyasi  fəaliyyətinə görə təqib olunan şəxslərə verilə bilər”


 

Almaniyada fəaliyyət göstərən “Legat” inteqrasiya mərkəzinin rəhbəri, tanınmış hüquqşunas Əlövsət Əliyevin AzEuroNews.com-a müsahibəsi:

► ► ►  Həmvətənlərimiz mühacirət üçün niyə Almaniyaya üstünlük verir?

–   Azərbaycan tarixən immiqrasiya ölkəsidir. Yəni əhalinin artımı ilə açılan iş yerləri arasında böyük fərq var. Odur ki, həmvətənlərimiz həmişə pul qazanmaq üçün Azərbaycandan kənara getməyə üstünlük verib. İndi də bu ənənə davam edir. Soydaşlarımızın əvvəllər üstünlük verdiyi  Rusiya, Qazaxıstan, Ukrayna kimi ölkələri indi Almaniya, ABŞ, Kanada, Türkiyə kimi ölkələr əvəz edir. Almaniyaya olan köçün başqa Avropa ölkələri ilə müqayisədə çox olmasına gəldikdə isə, Almaniyanın sığınacaq axtaran şəxslərə daha dözümlü münasibəti ilə bağlı olub. Lakin, Almaniyada keçirilən sonuncu seçkilərdən sonra formalaşmaqda olan siyasət bunun tam dəyişməsi ilə nəticələnəcək.

Almaniya Dublin sazişinə əsasən sığınacaq axtaran şəxsləri gəldikləri ölkəyə və ya viza aldıqları ölkəyə qaytararsa Almaniyada miqrantların sayında kəskin azalma baş verəcək. Lakin, Almaniyaya köç edən soydaşlarımız təkcə sığınacaq axtaranlar deyil. Həkimlər, tələbələr, xəstələr, ailə birləşməsi ilə gələnlər, yəhudi və alman əsilli şəxslərin və  digər əsaslarla immiqrasiya edənlərin sayı, sığınacaq üçün baş vuranların sayından daha çoxdur. Lakin, nədənsə həmişə gündəmdə olan və müzakirə olunan qaçqın statusu almaq istəyənlərdir. Əslində digər əsaslarla Almaniyaya gələnlər qaçqın statusu ilə gələnlərin sayından çoxdur. Azərbaycandan olan qaçqınlar Ermənistan və Gürcüstandan olan qaçqınların sayından azdır. Almaniyaya köçün üstünlük təşkil etməsinin başqa səbəbi Almaniyada türklərin hesabına inteqrasiyanın daha asan olmasının hesab edilməsidir. Azərbaycan hökuməti Azərbayandan köç edənlər haqqında məlumatları ümumiləşdirmir,  köç etmək istəyənləri maarifləndirmir, insanlar da köçə qoşulmaqla ölkədən getməkdə davam edir.

► ► ► Almaniya kimlərə və nəyə görə oturum izni verir?

– Almaniya hazırda həkimlərə, mühəndislərə Almaniyada oxuyan tələbələrə, kompüter mütəxəssislərinə üstünlük verir.  Həmin şəxslərin Almaniyaya köçü üçün “Mavi kart” siyasəti müəyyən edilib. Almaniyada kimlərə hansı əsaslarla oturum verilməsi qaydaları orada ətraflı qeyd olunub. Bundan başqa, başqa ölkələrdə olduğu kimi Almaniyada qaçqın statusu almaqla yaşamaq icazəsi almaq mümkündür.

► ► ► Partiya bileti, arayışı, partiya rəhbəri ilə şəkil və müxalifətin mitinqində iştirak etmək oturum izni almağa kömək edirmi?

– Partiya bileti, partiya rəhbərləri ilə şəkil, mitinqlərlə iştiraki əks etdirən fotolar ayrılıqda qaçqın statusu almağa əsas ola bilməz. Qaçqın statusu almaq üçün şəxs vətəndaşı olduğu ölkədə təqib olunmasını və ya əsaslı təqibdən ehtiyat etməsini sübut etməlidir. Təqibi yaradan əsasları detallı şəkildə izah etməlidir. Qaçqın statusu üçün müraciət etmiş şəxsi dindirən məmur Azərbaycan haqqında, partiyalar haqqında, ölkədəki vəziyyət və təqib olunan insanların dairəsi haqqında kifayət qədər ətraflı bilgilərə malikdir. İfadə verənlər bilməlidir ki, hər bir sənədin, fotonun və ya partiya biletinin saxtalığını yoxlamaq və ya müəyyən etmək çətin deyil. Azərbaycanda təqib olunanlar haqqında məlumat əldə etmək çətin deyil. Partiya bileti şəxsin hansısa partiyaya mənsub olduğunu bildirir, dəstək məktubu isə şəxsin fəal partiya üzvü olduğunu əks etdirir. Fəal partiya üzvlərinə qaçqın statusu verilmiş olsa, onda Almaniya hökuməti Azərbaycanda bütün partiya üzvlərinə sığınacaq vermiş olar.

d1025556-1b26-4401-bca2-4faaf01c8b06

► ► ► Tez tez eşidirik ki, 5 hətta 10 il  yaşayan birisini Azərbaycana deport edirlər, bunun səbəbləri nədir?

– Biometrik pasportların tətbiqinə qədər Avropaya gələnlər arasında özünü fərqli adlarla təqdim edən kifayət qədər soydaşlarımız var və ya olub. Ola bilsin ki, onların bəzilərinin şəxsiyyətləri hələ də müəyyən edilməyib. Belə şəxslərə son illər ümumiyyətlə müvəqqəti və ya daimi yaşamaq hüququ verilmir, sadəcə həmin şəxslərə dözümlü yanaşılır, onların vətəndaşlıq mənsubiyyətinin və şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı iş aparılır. Həmin şəxslər haqqında məhkəmə prosesləri başa çatıbsa, dövlət orqanları onların şəxsiyyətinin müəyyənləşdirilməsi  üzərində çalışırlar. Belə şəxslərin şəxsiyyəti və vətəndaşlığı müəyyən edildiyi halda, onlar dərhal vətəndaşları olduqları ölkələrə qaytarılırlar. Saxta adla və sənədlə kimsə hətta vətəndaşlıq alıbsa, bu fakt müəyyən edildiyi anda həmin şəxs ölkədən deport edilir. Almaniyada 5 və ya 10 il yaşadıqdan sonra kiminsə Azərbaycana inzibati qaydada qaytarılması bununla bağlıdır.

► ► ► Əgər kimsə hansısa formada 5 ildən artıq Almaniyada yaşayırsa, işləyirsə, dövlətdən yardım almırsa,  bu vəziyyət onun oturum almasına kömək edirmi?

–  Əgər kimsə hansısa formada 5 ildən artıq Almaniyada yaşayırsa, işləyirsə, dövlətdən yardım almırsa,  işə götürən həmin  şəxsə ehtiyacının olmasını əsaslandıra bilərsə, həmin şəxsin şəxsiyyəti məlumdursa, bu halda o, ixtisaslı vəkillərin dəstəyi ilə müvəqqəti yaşama icazəsi ala bilər. Bu halda ehtiyatlı olmaq lazımdır. Şəxs qaçqın statusu almaq sahəsində ixtisaslaşan vəkillə deyil, immiqrasiya və yaxud da əmək miqrasiyası sahəsində ixtisaslaşan vəkilə müraciət etməli və onunla hüquqi yardım haqqında müqavilə bağlamalıdır. Bu halda, müvəqqəti yaşamaq icazəsi almaq mümkündür. Eyni zamanda məhkəmə araşdırması zamanı da bu hallara müsbət baxılır.

► ► ► İldən-ilə Azərbaycanı tərk edib, Avropa ölkələrinə pənah gətirənlərin sayı artır. Sizcə bunun Azərbaycan və Avropa ölkələri üçün hansı müsbət və mənfi tərəfləri ola bilər?

– İldən ilə Azərbaycanı tərk edənlərin sayının artmasına təbii baxmaq lazımdır, lakin, Azərbaycanın daxilindəki miqrasiya yəni, Azərbaycan vətəndaşlarının kütləvi olaraq, Abşeron yarımadasına toplaşmasına təbii baxmaq mümkün deyil. Kəndlərin kütləvi boşalması, kənd məktəblərinin bağlanması, regionlarla mərkəz arasındaki fərqin dərinləşməsi, vəzifəlilərin ən müasir avadanlıqdan istifadəsi, fəhlənin isə pambığı hələ də əllə yığması faciədir. Bölgələrdə yaşayan insanların həyat şəraiti hətta Sovet dönəmi ilə müqaisədə də olduqca pisdir.  Avropada və ya Almaniyada mərkəzdən uzaq olan şəhərlərdə həyat şəraiti daha yüksəkdir. Kənddə də, şəhərdə də hamıya eyni şərait yaradılıb. Lakin Azərbaycandakı siyasət hələ də bölgələrdə yaşayan insanların həyat şəraitinin pisləşməsinə xidmət edir. Sualın cavabına gəldikdə isə, əvvəllər məktəblərdə təkcə rus dili tədris olunurdu və insanlar da daha çox rusdilli ölkələrə gedirdilər. İndi orta məktəblərdə, hətta bağçalarda rus dili ilə bərabər, ingilis, alman, fransız dilləri də tədris olunur. Yer kürəsinə hər kəsin vətəni kimi baxmaq lazımdır. Kim özünü harada və hansı ölkədə ifadə edə bilirsə, orada yaşamalıdır. Mənə bugün Almaniyada yaşamaq nə qədər çətindirsə, mənim uşaqlarıma və  onların həmyaşıdlarına o qədər asandır.  Bu yaşdan sonra alman cəmiyyəti üçün heç vaxt faydalı ola bilmərəm. Çünki, Almaniyada  özümü normal səviyyədə ifadə edə bilmirəm. Təbii ki,  həmvətənlərimizin xaricə axınına və başqa ölkələrdə uğur qazanmasına çox sevinirəm, lakin bu həddində olmalıdır. Dövlət hesabına ABŞ-da, Kanadada, Türkiyədə, Böyük Britaniyada, Almaniyada təhsil alan gənclərin Azərbaycanda işlə təmin olunmamağı, iş dalınca xaricə qaçmaları, azərbaycanlı alimlərin xaricə getmələri təbii ki, beyin axınıdır və Azərbaycanın inkişafı üçün bu cür şəxslərin xaricə axınının qarşısı həvəsləndirmə yolu ilə  alınmalıdır. Bu gün immiqrasiya siyasətini, yəni əcnəbilərin qəbul edilməsi prinsiplərini düzgün müəyyən edən ölkələr sürətlə inkişaf edir. Kanada, ABŞ, Avstraliya, Böyük Britaniya kimi ölkələrin miqrasiya siyasəti intellektual şəxslərin və mütəxəssislərin ölkəyə cəlb olunmasına hesablanıb. Almaniya siyasətçiləri də Kanada təcrübəsinin tətbiqini dəfələrlə gündəmə gətiriblər. Azərbaycanlı mütəxəssislər də bu formada olan proqramlara cəlb olunmaqla ölkəni tərk edirlər.

► ► ► Miqrasiya hər bir insanın konstitusion hüququdur. Bəs nəyə görə Avropada olan həmvətənlərimiz arasında, “saxta mühacir” , “əsl mühacir” davası gedir?

– Ümumiyyətlə, azad miqrasiya hüququ deyilən bir hüquq mövcud deyil (təbii ki, miqrasiya hüququnu fənn kimi nəzərdə tutmuram).  Miqrasiya bir ölkənin ərazisini tərk etməklə, şəxsin başqa bir ölkənin ərazisinə daxil olması deməkdir. Hansısa dövlətin ərazisinə daxil olmaq məsələsi isə həmin ölkənin daxili işidir. Hər bir ölkə ərazisinə daxil olmaqla bağlı qadağa qoyduğu insanların siyahısına malikdir. Bu həmin dövlətin daxili işidir. Heç bir beynəlxalq təşkilat hər hansı bir dövlətə kiminsə girişinə qoyulmuş qadağanı götürməyə məcbur edə bilməz. Avropada soydaşlarımız arasında saxta mühacir, əsl mühacir davası isə təbii ki, daha çox məlumatsızlıqla bağlıdır və səhv etmirəmsə, bu təkcə azərbaycanlılar arasında mövcuddur. Əksəriyyət soydaşlarımız hesab edirlər ki,  qaçqın statusu yalnız siyasi partiya təmsilçilərinə və ya siyasi  fəaliyyətinə görə təqib olunan şəxslərə verilə bilər. Bu isə yalnış düşüncədir. Qaçqın statusu irqi, dini, milli və ya vətəndaşlıq, müəyyən sosial qrupa malik olmağa və bu əsasa görə təqib olunanlara verilir. Azərbaycanda jurnalistika fəaliyyətinə görə və yaxud da dini mənsubiyyətinə görə təqib olunanlar heç də siyasi fəaliyyətinə və ya siyasi mənsubiyyətinə görə təqib olunanlardan az deyil. Hər kəsin vətəndaşı olduğu ölkəni tərk etmək hüququ var. Soydaşlarımız da bu hüquqdan istifadə edir. İstədiyi ölkədə müvəqqəti və daimi yaşamaq istəyini ifadə edir. Hər kəsin seçiminə hörmətlə yanaşılmalıdır. Eyni zamanda Avropada kimə müvəqqəti və ya daimi yaşamaq hüququ və ya qaçqın statusu verilməsini şəxsin müraciət etdiyi dövlətin müvafiq orqanları müəyyən edir. Soydaşlarımızın bu cür məsələləri gündəmdə saxlaması, kiminsə Almaniyada müvəqqəti və ya daimi yaşamaq icazəsinə şübhə ilə yanaşmasına normal baxmıram. Təqdim olunan sənədlərin saxta və əsl olmasını da mütəxəssislər müəyyən edir. Azərbaycanda hansısa partiya rəhbərinin üzvü olmadığı şəxsə vəsiqə verməsi ağlabatan deyil. Çünki hər kəs arzu etdiyi partiyaya üzv ola və üzvlük vəsiqəsi ala bilər. Bunun saxta olması mümkün deyil. Partiyaya aidiyatı olmayan insanların saxta vəsiqə və ya dəstək məktubları satması halları mövcuddur və təbii ki, bu əməl cinayətdir. Saxta sənədlərin hazırlanması və həmin sənədlərdən istifadə Almaniyada, Azərbaycanda və başqa ölkələrdə də cinayətdir.  Məlumatsızlıq çox böyük bəladır. Əvvəllər Azərbaycanda Beynəlxalq Miqrasiya Təşkilatı və bir sıra QHT-lərin əhalinin miqrasiya üzrə məlumatlandırılması üçün mərkəzləri var idi və bunlar çox əhəmiyyətli idi. İndi isə bunların heç biri mövcud deyil.

► ► ►  Avropa ölkələri miqrant və qaçqın qəbulu ilə bağlı öhdəliklərini yerinə yetirə bilirlərmi?

–  Suala cavab  vermək çətindir, çünki bununla bağlı heç bir araşdırma aparmamışıq. Lakin, bir sıra beynəlxalq Qeyri Hökümət Təşkilatlarının hesabatlarında bəzi hallarda qaçqınların tərcüməçi ilə təmin olunmaq, ilkin tibbi yardım almaq, uşaqların isə vaxtında təhsil almaq hüquqlarında pozuntuların olması qeyd edilir. Hazırda biz Azərbaycan vətəndaşları ilə bağlı çıxarılan məhkəmə qərarlarını toplayırıq. Bəzi hallarda kifayət qədər araşdırma aparılmadan çıxarılmış məhkəmə qərarlarına da rast gəlmək mümkündür. Məsələn, bu yaxınlarda Azərbaycanda həqiqətən məhz siyasi düşüncəsinə görə  şərlənərək, barəsində başqa maddə ilə  cinayət işi başlanılan və axtarış elan edilən Fuad Əkbərov adlı soydaşımızın şikayətini məhkəmə təmin etməmiş və həmin şəxsin axtarışda olmadığını qeyd etmişdir.  Halbuki, şəxs həqiqətən axtarışdadır və Azərbaycana qayıdacağı halda dərhal həbs ediləcək.

52996804-7049-4b67-b99c-b8676649b2d1

► ► ► “İnfact.ge” saytının “Təyinat Almaniya” adlı araşdırmasında  sizə qarşı ittihamlar səsləndirilib. Meydan TV-nin əməkdaşı Şirin Tirə sizin və çevrənizdə olan insanların mühacir biznesi ilə məşğul olduğunuzu deyib. Buna münasibətiniz…

– Kiminsə fikrini söyləməsinə qadağa qoymaq olmaz və kimisə fikrinə görə ittiham da etmək olmaz. Lakin, hansısa jurnalistin kimdənsə eşitdiyini qələmə alması və adını da reportaj qoyması təbii ki, normal hal deyil. Biz ödənişli əsaslarla,  konsulluq xidmətinə aid olan məsələlərdə Azərbaycan vətəndaşlarına yardım edir, hər gün həmvətənlərimizə qayıdış şəhadətnamələri, doğum haqqında şəhadətnamə, ümumvətəndaşlıq pasportunun alınmasında, etibarnamələrin hazırlanmasında, vəkillərin tapılmasında vasitəçilik edir, məhkəmələrdən və digər dövlət orqanlarından aldığı qərarların tərcümə edilməsində, müxtəlif sənədlərin alman-azərbaycan dilinə tərcümə edilməsində ödənişli əsaslarla yardım göstərir. Buna görə  vergi ödəyirik. İnsanların maariflənməsi üçün, azərbaycanlıların təşkilatlanması üçün davamlı tədbirlər həyata keçiririk. Hazırda fəaliyyətimizi daha da genişləndirmişik. Almaniyada daşınmaz əmlak almaq istəyənlərə, müxtəlif sahələr üzrə hüquqi şəxslər təsis etmək istəyənlərə  ödənişli əsaslarla yardım edir, bu sahədə də vasitəçilik edirik. Bu fəaliyyətin kiminsə xoşuna gəlməməsi mümkündür. Fəaliyyətimizdən narazı olanların olması da mümkündür. Lakin, biz heç kimə məcburi xidmət etmirik, insanlar özləri bizi seçir, bizdən yardım istəyirlər. Təbii ki, yeniyik, müəyyən qüsurlarımızın olması mümkündür. Lakin ümid edirik ki, ayağa qalxa biləcəyik. Təbii ki, imkanı olmayanlara da ödənişsiz məsləhətlər veririk.

► ► ►  Almaniyada o cümlədən Avropada soydaşlarımızın təşkilatlanması sahəsində ciddi problemlər mövcuddur. Bu nə ilə bağlıdır?

– Bu azərbaycanlıların bir-birinə faydalı ola bilməməyi və ya olmaq istəməməyi ilə bağlıdır. Eyni zamanda diaspora qurumlarının müstəqil olmamağı ilə bağlıdır. Avropada soydaşlarımızın ən güclü birlik nümayişi 90-92-ci illərdə olub. Çünki onların təşkilatlanmasında hakimiyyətin rolu olmayıb. 1994-cü ildə hakimiyyət diaspora təşkilatlarını siyasiləşdirməyə başladı və o vaxtdan da diaspora təşkilatları süquta uğradı. Devalvasiyaya qədər Avropa və Amerikada diaspora məsələləri ilə ayrı-ayrı nazirlərin uşaqları məşğul idi. O diaspora təşkilatlarının ömrü həmin nazirlərin ömründən daha qısa oldu. İndi Almaniyada Azərbaycan diasporu Yeni Azərbaycan Partiyasına (YAP) məxsus bir quruma çevrilib. YAP-ın kölgəsində isə hər hansı bir təşkilatın görünməsi mümkün deyil.

Başqa bir səbəb Avropada məskunlaşanların əksəriyyətinin təkcə hakimiyyətdən yox, az qala Azərbaycandan küsməsi ilə bağlıdır və buna yüzlərlə misallar gətirmək mümkündür.

► ► ► Yuxarıda qeyd etdiniz ki, Azərbaycandan gələnlərin böyük bir qismini xəstələr təşkil edir. Bu həqiqətən belədirmi?

– Bəli, həqiqətən belədir. Almaniyaya qaçqın kimi gələnlərin bir hissəsini xəstələr və onların ailə üzvləri təşkil edir. Xəstələrin də bir hissəsini əlil arabasından istifadə edənlər təşkil edir. Eyni zamanda Azərbaycanda müalicəsi mümkün olmayan xəstələri də yaxınları Almaniyaya gətirməkdə davam edir. Buna başlıca səbəb Azərbaycanda effektli müalicənin olmamasıdır. Bu yaxınlarda Təhsil Nazirliyindən əldə etdiyimiz bir məktubda Azərbaycanda hələ də autizmdən əziyyət çəkənlər üçün xüsusi ixtisaslaşmış məktəblərin olmadığı qeyd edilib. Son ümid yerini Almaniyaya bağlayıb gələn xəstələrin sayı olduqca çoxdur. Hazırda Almaniyada müalicə olunan və əl arabasından istifadə edən Samirə xanımın əl işlərini də təqdim edirik.

a3769d99-4522-4ec4-93b4-0fe3f7e59e2b

► ► ► Nəhahyət sonda, Azərbaycandan Avropaya gəlmək istəyən həmvətənlərimizə  məsləhətiniz…

– Təqib olunmayan insanlara ölkəni tərk etməməyi məsləhət görürəm, qaçqın həyatı, lagerdə yaşamaq, daha sonra ümumi yaşayış yerlərində yaşamaq olduqca çətindir. Tanıdığım xeyli azərbaycanlılar bu vəziyyətə dözməyərək könüllü ərizə yazaraq vətənə qayıtmağa üstünlük verirlər. Təbii ki, bu Azərbaycanda həyat tərzinin yüksəlməsi ilə bağlı deyil, bu qaçqın həyatının dözülməz olması ilə bağlıdır.  Bəzən heç bir əsas olmadan kifayət qədər yüksək həyat tərzi keçirmiş insanlar  qaçqın statusu almaq üçün gəlir və sonradan dözmür geri qayıdırlar.  Onlara bunu məsləhət görənlərlə də uzun-uzadı mübahisələr davam edir.

► ► ► Fərhad Çağtürk / Düsseldorf-Almaniya

ŞƏRH YAZIN

Xahiş edirik şərh daxil edin.
Please enter your name here